Roma tətilləri

42x32x25sm ölçülərini aşmayan kürək çantamı çiynimə atıb liftin düyməsini basdım. Başladığım yol məni ilk öncə məşhur musiqiçi Ferens Listin adına olan Budapeştin beynəlxalq hava limanına, oradan isə Romaya aparacaqdı. Bu yol Romaya gedən yollardan yalnız biridir. 🙂

roma 1.jpg
Roma

Roma səfərim çox mürəkkəb bir dövrə təsadüf edirdi. Noyabr ayında Parisdə baş verən terror hadisəsindən sonra Avropanın digər şəhərlərində olduğu kimi Romada da təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Yanvar ayında İstanbulda turistlərə qarşı olan terror hücumu Roma səfərimlə eyni günə təsadüf edirdi. Bu səbəbdən bütün metro stansiyaların ətrafında və içərisində, mərkəzi və insanların sıx olduğu küçələrdə, tarix və mədəniyyət abidələrinin yaxınlığında silahlı əsgərlərin və polislərin olması insanda bir narahatçılıq yaradırdı. Ümid edirəm ki, siz səyahət edəcəyiniz zaman belə bir problemlə rastlaşmayacaqsınız.

Səyahətdən xaric oxu 1: Mərkəzi Avropanın incisi Budapeşt – Buda 1ci hissə

Bəri başdan onu da vurğulayım ki, bu yazımızda Romanı məşhur rejisor Federiko Fellini kimi göstərib, Den Braun kimi təsvir edə bilməmişəm. Səmimi olsam, heç buna cəhd də etmədim. Ancaq ilk dəfə səyahət etmək istəyənlər üçün faydalı məsləhətlər verməyə çalışacağam.

roma vatikan
Vatikan, Roma

Nə zaman və necə səyahət etməli?

2500 ili aşan tarixi, zəngin memarlıq və mədəniyyət abidələri ilə Roma ilin bütün fəsillərində turistlərin və sayyeahların diqqətini cəlb edə bilir. Lakin may-oktyabr ayları arası Romanı görmək istəyənlər turist çoxluğunu və havanın istiliyini nəzərə alsalar yaxşı olar. Payızın sonu və qış ayları manatı devalvasiyaya uğramış azərbaycanlı sayyeahlar üçün ideal görünə bilər. Həm otel qiymətləri ucuz olur, həm də sərfəli biletlər tapmaq mümkündür. Biletdən söz düşmüşkən onu deyim ki, bu səyahətimizdə də Wizzair bizim ən səxavətli dostumuz oldu. “Dostuma” Budapeşt-Roma gediş-dönüş bileti üçün 22 avro ödədim. Bakıdan birbaşa uçuş olmasa da Bakı-Kiyev-Roma, Bakı-İstanbul-Roma və s. alternativlərdən faydalana bilərsiniz.

Səyahətdən xaric oxu 2: Almaniya Reyn-ruhr gəzintisi – 4 günə 4 şəhər

Romada harada qalmalı?

Mən orada təhsil alan azərbaycanlı dostumun evində qaldığıma görə sizə hər hansı otel və ya hosteli tövsiyyə edə bilməyəcəm. Amma siz öncə cibinizə sonra bu yazıya baxıb müvafiq otel və ya hosteli seçə bilərsiniz. Əgər metro və ya avtobusa pul xərcləmək istəmirsinizsə (bir istiqamət 1.5 avro, limitsiz 24 saat bilet 7 avro, 48 saat 12.50 avro, 72 saat 18 avro) və piyada gəzməyə üstünlük verirsinizsə yaxşı olardı ki, qalacağınız yer şəhər mərkəzi olsun. Navona meydanı (Piazza Navona), Trevi Fontanı (Fontana di Trevi)Venesiya meydanı (Piazza Venezia) ətrafı bu baxımdan uğurlu seçim ola bilər. Nisbətən ucuz otel/hostel istəsəniz Termini metro stansiyasının yaxınlığı da düşünə bilərsiniz.

roma.jpg
Roma

Termini metro stansiyası ərazidə olan restoranlar da şəhərin digər yerlərinə nisbətdə ucuzdu. Restoran demişkən, Romada ne yeməli sualı aktuallaşır 😉 Yəqin ki, çoxumuzun ağlına ilk gələn pizzadır. Romada demək olar ki, hər küncdə bir pizzaçıya rast gəlmək olur. Mərkəz yerlərdə olan restoranlarda ən sadə pizzaların qiyməti 7-10 avro arasında dəyişir. Spagettiyə gəlincə, tələbə olduğumdan semestr ərzində spagetti qida rasionumda əvəzedilməz rola malik idi. Bu səbəbdən Roma tətilim zamanı spagettidən uzaq durdum. TiramisuRoma dondurmasının (gelato) dadına isə mütləq baxın.

Roma tarixi abidələr və muzeylərlə zəngin olduğundan tam gəzmək üçün 3-4 gün kifayət etməyə bilər, ancaq doğru planlama ilə qısa müddətli səyahətinizi də effektiv edə bilərsiniz. Aşağıdakı ‘Romada görüləcək yerlər’ listini hazırlayanda bu yerlərin bir-birinə olan məsafəsini nəzərə aldım. Ümid edirəm ki, siyahı vaxt problemi olan səyyahlar üçün köməkçi olacaq.

Romada görüləcək yerlər.

Əlbəttə ki, listin başında Flavi amfiteatrı və ya Kolizey gəlir. Dünyanın ən böyük antik amfitatrı olan tarixi abidənin tikintisi 8 ilə yekunlaşmışdır. Uzun illər qladiatorların və vəhşi heyvanların döyüşünə şahidlik edib. Vaxtınız olsa həm gündüz, həm də gecə görməyi məsləhət görərdim.

coliseum-1600-939-wallpaper
Kolizey

Roma Formu ve Palatino təpəsi. Roma Formu antik Romanın mərkəzi hesab olunur. Siyasət və ticarətin mərkəzi olduğu üçün o dönəmin bütün tikililəri bu ərazidə cəmlənmişdir. Palatino təpəsi isə Romanın yerləşdiyi yeddi təpədən sadəcə biridir. Kolizeyi gördükdən sonra Roma Formuna gedib, oradan da Palatino təpəsinə qalxa bilərsiniz. Bu təpədən antik Romanın ən böyük stadionu olan Circus Maximusu da görə bilərsiniz. Kolizey, Roma Formu və Palatino təpəsi üçün birləşdirilmiş biletin qiyməti 12 avrodur.

Səyahətdən xaric oxu 3: Təyyarəniz gecikirsə nə etməlisiniz?!

Altare della Patria. 6-cı əsrdən bəri dağınıq olan İtaliyanı vahid şəkildə birləşdirən II Viktor Emaunuelin şərəfinə tikilmişdir. II Viktor Emanuel 1861-ci ildən 1878-ci ilə qədər vahid İtaliya krallığının kralı olmuş, italiyanlar tərəfindən dilimizdə ‘Ata’ mənasini verən ‘Della Patria’ ləqəbini almışdır. Ağ mərmərdən tikilən abidənin hündürlüyü 70 m, eni isə 135 metrdir. Əzəmətli görünüşü ilə Romanı ziyarət edən turistləri heyran qoyan yerlərdən biridir. Abidənin alt hissəsində İtaliya Birləşmə muzeyi, üst hissəsində isə ətrafı seyr etmək üçün terras var.

Panteon. Qədim Roma memarlığının ən görkəmli və tikintisi ilə bağlı hələ də özündə suallar saxlayan Panteon məbədini də görməyə dəyər. 128-ci ildə tikintisi başa çatan və yunancadan tərcümədə bütün allahların məbədi anlamını verən Panteon 7-ci əsrdən kilsə kimi fəaliyyət göstərir. Məşhur rəssam Rafael, İtaliya kralları II Viktor Emanuel və I Umberto burada dəfn olunmuşdur. Məbədin daxili interyeri və damı (damda olan dəlik) bu abidənin insan tərəfindən tikilib-tikilməməsi barədə suallar yaradır. Betondan olan qübbənin hansı texnologiya ilə hazırlanması insanları düşündürür.

Pamteon
Panteon

Navona meydanı. Panteonu gördükdən sonra yaxınlıqda olan Navona meydanına da baş çəkməkdə fayda var. Romanın görməli və turistlərin sıx olduğu məkanlardan biridir. Dördbucaqlı formasında olan meydana iki kilsə və bir neçə saray açılır. Meydanda eləcə də, üç fəvvarə vardır. Bunlardan ən məşhuru Dörd çay fəvvarəsidir. Simvolizə olunan bu dörd çay Nil, Qanq, La Plata və Dunaydır. Çoxlu rəssam və küçə sənətkarlarına rast gələcəyiniz meydanın ətrafı kafe, restoran və hədiyyəlik əşya dükanları ilə zəngindir.

Səyahətdən xaric oxu 4: Gözəl qızlar şəhəri Kiyev

Trevi fontanı. Barokko stilində olan fontan adını yerləşdiyi Trevi meydanından alır. Üç yolun qovşağında olduğu üçün Trevi adlandırılıb. Fontan bir neçə heykəl kompleksi və bu heykəllərin ön hissəsində olan hovuzdan ibarətdir. Hovuzun içində çoxlu qəpiklər görəcəksiniz. Deyilənə görə arxası hovuza dayanıb, sağ əlinizlə sol çiyin üzərindən hovuza qəpik atsanız, Romaya bir daha gələcəksiniz. Yığılan qəpiklərin xeyriyyə cəmiyyətlərinə bağışlandığı deyilir.

228282550_4870883ff6_z
Trevi fontanı

P.S Cibimdə qəpik avro olmadığından macar forinti atdım. Fontanın bunu qəbul edib etmədiyini, təəssüf ki, bilmədim. Ümid edirəm ki, atdığım qəpik qəbul edilib və mən Romaya yenidən gələcəyəm.

İspan pilləkənləri. İspan pilləkənləri və pilləkənlərin başladığı İspan meydanı Romanın ən hərəkətli hissələrindən biridir. Pilləkənlər 1723-1726-cı illər ərzində tikilib. Məqsəd aşağıda olan meydandan üstdə olan Trinita dei Monti Kilsəsinə rahat gediş-gəlişi təmin etmək olub. Prada, Gucci, Dolce & Gabbana, Versace kimi lüks brendlər də bu meydanda cəmlənib.

Popolo meydanı (Piazza del Popolo) Pincio parkı. Romanın ən böyük meydanlarından biridir Popolo meydanı. Meydan yaxınlıqda yerləşən Pincio təpəsindən daha əzəmətli görsənir. Onu qeyd edim ki, bu təpə qədim Romanın yerləşdiyi yeddi təpə listinə daxil deyil. Təpəyə meydan tərəfdən qalxdığınızda geniş bir terrasa çatmış olacaqsınız. Bu terrasdan Popolo meydanı və Romanın tarix qoxan binaları daha ecazkar görünür. Terras eyni zamanda Picino bağlarının bir hissəsidir. Turistlərlə bol olan, hərəkətli Roma küçələrindən xilas olub bu parkda sakitlikdən və yaşıllıqdan zövq ala bilərsiniz.

vatikan
Vatikan meydanı

Vatikan. Vatikan səfəri üçün ən azı bir gününüzü ayırmağı tövsiyyə edərdim. 40 hektarı aşan ərazisi və minə yaxın əhalisi ilə dünyanın ən kiçik dövləti sayılır Vatikan. Katolik kilsəsinin döyünən ürəyi olan dövlət-şəhərin başçısı Roma Papasıdır. Vatikan səfərini dünyanın ən böyük kilsələrindən olan Müqəddəs Pyotr bazilikasından başlaya bilərsiniz. Bazilikaya giriş pulsuzdur. Ciddi yoxlama tədbirləri olduğu üçün uzun növbələrlə rastlaşa bilərsiniz. Mən qış ayında getdiyim üçün növbədə çox da gözləməli olmadım. İçini isə yalnız görmək lazımdı 🙂 Sözlərlə ifadə edə bilməyəcəm.

Bazilikina gördükdən sonra isə məşhur Vatikan muzeylərini gəzə bilərsiniz. Muzeylərdə əsasən intibah dövrünə aid əsərləri görə bilərsiniz.

Səyahətdən xaric oxu 5: Minimum xərclə səyahət tövsiyyələri

Muzeyləri gəzdikdən sonra dilimizə Müqəddəs Mələk qəsri kimi tərcümə olunan (Castel Sant’Angelo) tarixi abidəsini görə bilərsiniz. 135-ci ildə tikintisinə başlanılmış, 139-cu ildə sona çatmış sərdabə 84 m uzunluğa malik dördkünc özül üzərində diametri 64 və hündürlüyü 20 m olan silindrik formada inşa edilmişdir. Günümüzdə muzey kimi fəaliyyət göstərir. Giriş 15 avrodur. Qəsrin önündə Roma impetoru Hadrian tərəfindən tikilən Hadrian körpüsü var. Tiber çayı üzərində olan körpünün tikintisi 134-cü ildə tamamlanmışdır. Çay, körpü, körpünün kənarlarında olan mələk heykəlləri şəhərə xüsusi gözəllik qatır. Yazımı isə hələlik burada saxlamaq istəyirəm. Səbəbini aşağıdakı abzasda izah edəcəm.

01

Romaya tək gedəcəyimi bilən Rusiyadan olan yataqxana yoldaşım ‘Roma tək gəzilməz, Roma da Paris kimi sevgi şəhəridir’ demişdi. Onunla mübahisə edib tək gəzməyin faydalarını müdafiə etmişdim. Romada yalnız Tiber çayının sahilində, Hadrian körpüsündən keçəndə tək olduğum üçün heyfslənib, rusiyalı dostuma haqq qazandırdım. İnanıram ki, Trevi fontanı atdığım qəpiyi qəbul edib və mən növbəti səfərimi cüt edib yazımı tamamlaya biləcəyəm 🙂

Yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Sayyeah blogun yazılarından ilk xəbər tutmaq istəyirsinizsə sağ tərəf yuxarıda olan “abunə ol” düyməsinə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər 🙂

Yazını hazırlayan Sayyeah: Rəhman Əfəndi

6 şərh Add yours

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma