Mərkəzi Avropanın incisi Budapeşt – 2 ci hissə Peşt

Keçən dəfəki yazımda Budapeştin Buda hissəsi haqqında yazmışdım, söz verdiyim kimi bu dəfə də Budanın “sevgilisi” Peştdən yazacam. Peşt Dunay çayının şərq hissəsində yerləşir. Şəhərin bir çox görməli yerləri, Parlament binası, Sent İştvan bazilikası və şəhər mərkəzi Peştdə yerləşir. İlk yazımızda Budapeştə necə getməli, hava limanından şəhərə necə çatmalı haqqında yazdığımdan bu dəfə bir başa keçirəm mətləbə – Peştin görməli yerlərinə. Ilyarımdır Budapeştdə yaşadığımdan düşündüm ki, Budapeşt üçün ayrıca əyləncə məkanları yazısı yazım ona görə, əyləncə, gecə həyatı, bar və restoranlardan bu hissədə də bəhs etməyəcəm. Başlayaq (Buda)Peştin gəzməli görməli yerlərindən.

budapest parliament
Parlament binası, Budapeşt

 

Budapeşt deyəndə yəqin ki, ağıla gələn ilk şeylərdən biri şəhərin simvolu olan Macar Parlament binasıdır. 691 otaqlı bu bina 143 il bundan qabaq tikilib və dünyada ən böyük 3 Parlament siyahısındadır. Bina Dunayın sahilində yerləşir və böyük olduğundan Buda tərəfdən daha ecazkar görsənir. Parlamentdən Aslanlı körpüyə 200-300 metr gedəndə yerdə kiçik dəmir ayaqqabılar memorial abidəsi var. Abidə 2-ci dünya müharibəsi illərində faşistlər tərəfindən öldürülən yəhudilərin şərəfinə qoyulub.

Səyahətdən xaric oxu 1: Roma tətilləri

Abidədən 900 metr məsafədə Budapeştin digər məşhur arxitektur binası Szent İstvan (Sent İştvan) bazilikası yerləşir. Bazilika roman-katolik kilsəsi kimi 100 il bundan öncə istifadəyə verilib. Burada marağınızı cəlb edəcək şey binanın interyeri və içərisində macar kralı Sent İştvanın sağ əli ola bilər. Bəli, sağ əlin yerini sol əl bilməməlidir deyiminə inanan macarlar kralın sağ əlinin mumyasını burada saxlayılar 😀

polis heykeli budapest
Qarınlı polis heykəli 🙂

Bazilikanın tam önündə, Budapeştdə şəkli ən çox çəkilən olmasa da, qarnına ən çox toxunulan dəmir heykəli görə bilərsiniz 😀 Heykəl 1900-cü illərdə hazırlanıb və o dövrün qarınlı polislərini əks etdirir. Normal polislərdən fərqli olaraq bu qarınlı heykəl polis çox gülərüz polisdir. İnanca görə polisin qarnını sığallasanız, gələcəkdə siz də məmur ola bilərsiniz, yox deyəsən belə deyildi… 😀 hə inanca görə polisin qarnını sığallasanız bu sizə sevgidə uğur gətirəcək, yox əgər polisin bığlarını eşsəniz, bu sizə ümumiyyətlə uğur gətirəcək. Bunu yoxlamamışam amma Budapeştə səfər etsəniz yoxlamağa dəyər yəqin ki 🙂

Səyahətdən xaric oxu 2: Almaniya səyahəti 4 günə 4 şəhər

Bazilikanın arxasında  sağa doğru irəliləsəniz, Erzsebet ter (Erjebet meydanına) çıxacaqsınız. Meydanın mərkəzində hovuz var və ətraf yaşıl otlarla örtülüb, ilin isti vaxtlarında burada adam əlindən tərpənmək olmur, axşam saat 8-9dan sonra gənclər içkilərini və musiqi alətlərini götürüb burda səhərə kimi əylənirlər. Hovuzun altında isə Akvarium klub-barı yerləşir həftə sonu istirahəti üçün yaxşı seçimlərdən biri ola bilər.

Chain_Bridge_in_Budapest_at_night
Budapeşt

Erzsebet terdən keçib bir az daha irəli getsəniz Deak Ferenc meydanına çıxacaqsınız. Bura Budadpeştin ən mərkəzi hissələrindən biridir. 1, 2 və 3-cü metro xəttləri burada kəsişir, buradan rahatlıqla Budapeştin istənilən yerinə gedə bilərsiniz. Meydandan bir azca sağa dönüb düz getsəniz Vörösmarty meydanına çıxacaqsınız. Buranı Budapeştin tam mərkəzi adalandırmaq olar, çünki məşhur Vaci Utca (Vaçi utka yox Vaçi Utça 😀 ) məhz buradan başlayır. Vaçini Budapeştin “tarqovu”su adlandırmaq olar. Uzun küçə boyunca sağda-solda brend maqazinlər və kafe-restoranları görmək olar.

Səyahətdən xaric oxu 3: Təyyarəniz gecikirsə şirkətdən bunları tələb edə bilərsiniz

Vaci utcadan Deak Ferenc meydanına qayıdıb yolu keçib köhnə Yəhudi məhəlləsini gəzmək olar. Buradakı kiçik və arxitektur evlər, dar məhəllələr marağınıza səbəb ola bilər. Bundan başqa bu ərazi street art sevənlərin Budapeştdəki cənnətidir desək yalan demiş olmarıq.

Yəhudi məhəlləsini gəzəndən sonra piyada Oktogon meydanına getmək olar. Nəyimə lazım binalar, street art deyənlər isə Vörösmarty terdən 1 nömrəli metro xəttinə minərək də Oktogona gedə bilərlər. Budapeştin 1 nömrəli (sarı) metro xətti deyilənə görə qitə Avropasındakı ilk metro xəttidir. Turistlərin Budapeştə ən çox baş çəkdiyi məkanların başında gəlir bu qədimi xətt. Oktogon adından da bilindiyi kimi 8 güşəli meydandır. Ölkəmizin səfirliyi bu meydanın yanında yerləşir. Oktogondakı digər baş çəkilməli məkan isə Andrassy (Andraşşi) küçəsində yerləşən Terror Haza (Terror evidir) muzeyidir. Muzey 20-ci əsrin faşist və komunist diktator rejimlərinə həsr olunub. Muzey faşizm və komunizm dövründə represiyaya məruz qalan insanlara ithaf olunub. Muzeyin zirzəmisində AHV-nın (komunizm dövründə macar KGBsi) dustaqların iradəsini qırmaq üçün istfiadə etdiyi hücrələr var. Budapeştdə xüsusilə də komunizm və faşizm dövrləri ilə maraqlananlar üçün ən maraqlı muzeylərdən biridir bura.

terror haza terror house
Terror evi muzeyi

Andrassy küçəsi, bir çox səfirliklərin, qədimi bina, ev və villaların yerləşdiyi enli küçədir. Arxitektura ilə maraqlananlara bu küçəni ta sona qədər piyada gəzmək tövsiyyə olunur. Andrassy küçəsinin sonunda Hösök tere (Höşök tere) – Qəhrəmanlar meydanı yerləşir. Meydanın tam ortasında hündür sütun ucaldılıb, sütunun üzərində isə mələk Cəbrayılın heykəli. Sütunun ətrafında şahzadə Arpadın başçılığı ilə bu ərazilərə gəlmiş 7 Macar-hun əyanının at üstündə heykəli var. Sütunun arxasında isə 2 ədəd 7 sütundan ibarət tağ var. Bu tağlarda Macarsıtan tarixinin tanınmış simalarının heykəlləri qoyulub. Meydan və tağlar Avstriya-Macarıstan imperiyası vaxtı hazırlandığından tağların 5-i Habsburq sülaləsinin nümayəndələri üçün nəzərdə tutulubmuş. 2-ci dünya müharibəsində meydan dağıdıldığından bərpa olunarkən Habsburqların heykəlləri indikilərlə əvəz olunur.

Səyahətdən xaric oxu 4: Gözəl qızlar şəhəri Kiyev bələdçisi

Qəhrəmanlar meydanının sol tərəfində İncəsənət muzeyi, sağ tərəfində isə İncəsənət salonu yerləşir. İncəsənətlə maraqlananlar üçün bura gəlmək əsl bayrama çevrilə bilər. Meydanın arxasında sol tərəfdə Varosliget – Şəhər parkı yerləşir burada ilin isti vaxtları piknik edənləri, uzanıb günəşlənənləri görmək olar. Sağ tərəfdə isə Vajdahunyad qəsri yerləşir. Qəsr şəhər parkının içində, sünii gölün sahilində yerləşir. Göl qışda dondurularaq xizək meydançasına çevrilir, yayda isə kiçik qayıq sürmək istəyənlərin ixtiyarına verilir. Qəsrin içərisində Avropanın ən böyük Kənd Təsərrüfatı muzeyi yerləşir.

vajdahunyad qəsri
Vajdahunyad qəsri

Şəhər parkının içərisində Budapeştin dünyada ad çıxarmış termal hamamlarından biri olan Szechenyi termal hamamı yerləşir. Turistlər arasında çox məşhur olduğundan hamamda demək olar ki, ancaq ingilis dilində danışılır 🙂 . Hamamın 1 açıq termal hovuzu bir də iri üzgüçülük hovuzu var. İstər yay olsun istər qış Budapeştə gəlmisinizsə mütləq şortlarınızı, bikinilərinizi özünüzlə götürün, bu hamama baş çəkmədən Budapeştdə olmuşam demək olmaz 🙂

Szechenyi bath termal hamam budapest
Szechenyi termal hamamı

Budapeştin digər 2 görməli yeri isə dəmir yol vağzallarıdır. Şərq vağzalı adlandırılan Keleti Palyaudvardır. Vağzal Budapeştin əsas daxili və beynəlxalq vağzalıdır, binanın özü isə çox gözəl memarlıq üslubunda tikilib, qabağında 100% bir selfi edəcəksiniz 🙂 Digər vağzal isə Nyugati Palyaudvardır (Qərb vağzalı). Vağzalı önəmli edən əsas xüsusiyyətlərdən biri vağzalın binasının Parisdəki məşhur Eyfel qülləsini tikən Qustav Eyfelin şirkəti tərəfindən tikilməsidir. Keleti vağzalıdan düz Blaha Lujza meydanı istiqamətində irəliləsəniz meydanda Budapeştin ən məşhur, ən turistik və ən qlamurrr kafesi ilə qarşılaşacaqsınız – New York Café Budapest ilə. Bina 1894-cü ildə ildə New York Sığorta şirkətinin baş regional ofisi kimi tikilib. Birinci mərtəbəsindəki kafe isə sığorta şirkətinin adıyla New York Café adlandırılıb. Kafe açıldığı ilk gündən ta 2001-ci ilə kimi macar ədəbiyyat və peoziyaçılarının yığışdığı məkan olub. Bina 2001-ci ildə təmirə bağlanır və bir də 2006cı ildə istifadəyə verilir. Sığorta şirkətinin binası otel kimi istifadəyə verilsə də birinci mərtəbədəki kafe elə kafe olaraq da qalır. Kafenin içərisindəki abu-havanı sözlə ifadə etmək çətindir, ən yaxşısı özünüz gedib baxasınız 🙂 amma turistlərin baş çəkdiyi top 5 məkandan biri olması az-çox məkan haqqında fikir yaradır adamda 🙂

Səyahətdən xaric oxu 5: Minimum xərclə səyahət tövsiyyələri – ucuz qalma

Buda və Peşt haqqında bu qədər. Ümid edirik ki, bloqu maraqlı və lazımlı edə bildik. Yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Sayyeah blogun yazılarından ilk xəbər tutmaq istəyirsinizsə sağ tərəf yuxarıda olan “abunə ol” düyməsinə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər 🙂

Yazını hazırlayan Sayyeah: Babək Musa-Zadə
Advertisements

6 şərh Add yours

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma