Dünyanı pulsuz necə gəzməli? – Tomislav Perkodan Sayyeah blog oxucuları üçün praktiki məsləhətlər

Tomislav Perko (indən belə qısaca Tom) ilə tanışlığım onun Ted çıxışından sonra olmuşdu. Bu tanışlıq sadəcə virtual tanışlıq idi, hətta düz əməlli tanışlıq belə deyildi. Sadəcə mən internetdə səyahətlə bağlı hekayələr axtararkən Tomun TedX çıxışına rast gəlmişdim. Çıxışın adı “Dünyanı demək olar ki, pulsuz necə gəzməli?” idi, linkini aşağıda yerləşdirirəm, vaxtınız və marağınız olsa bu çıxışı dinləyin məncə, öncədən qeyd edim ki, çıxış ingilis dilindədir. Əslində videonun adı klişe olan 1 milyonu necə qazanmalı adlı bestseller kitabların adlarına bənzədiyindən ilk öncə vaxtımı bu video ilə öldürməmək qərarına gəlmişdim, sonradan qeybdən gələn bir səs mənə dedi ki, bu videoya baxmaq lazımdır. Əslində bu dostumun səsi idi 😀 deyirdi boş-bekar adamsan vaxtın olanda bax cəmi 18 dəqiqədir. Və beləcə Tomla virtual tanışlığımız başladı. Artıq videoya baxmışdım, Tomun bloqunufacebook səhifəsini izləyirdim, az qala mən də onunla birgə səyahət edirdim.

Sayyeah Blogu yenicə açmışdıq, cəmi 7-8 yazı dərc olunmuşdu, bir gün facebokda gördüm ki, Tom fevral ayında – doğum günüm ərəfəsində Budapeştə gəlir və Corvinus universitetində çıxış edəcək. Eləmədim tənbəllik özümə doğum günü hədiyyəsi bəhanəsiylə tədbirə bir bilet aldım, əlbəttə ki, Tomun çapdan çıxmış “yazın 1000 günü” adlı, səyahətlərindən bəhs edən kitabı ilə birgə. Qoca qarılar demiş vaxt-vədə gəldi yetişdi, getdim Tomu canlı-canlı görməyə və deyəcəyi məsləhətləri dinləməyə.

Tomun çıxışında paylaşdığı məsləhətləri paylaşmadan öncə istəyirəm Tom haqqında qısa məlumat verim, sonra davam edək.

Tomislav Perko 2008-ci ilə qədər qiymətli kağızlar bazarında işləyən kostyumlu, qalstuklu menecerlərdən biri olub. 2008-ci ildə gələn qlobal maliyyə böhranı Tomu işsiz qoyur və Tom bir kafedə barmen kimi işləməyə başlayır. Elə bu aralarda da həyatın mənası nədədir sualı Tomu narahat etməyə başlayır. Günlərin bir günü Couchsurfing haqqında eşidir və qeydiyyatdan keçərək evini Zaqrebə gələn turistlərə açır. Evinə gələn qonaqlardan eşitdiklərindən ilhamlanaraq uzuuuuuuun bir dünya səyahətinə çıxır. Xorvatiyadan başlayaraq, Serbiya, Bolqarıstan, Türkiyə, İran, İraq və Pakistanı avtostopla gəzərək Hindistana gəlir. Buradan təyyarə ilə Taylanda, oradan isə 3 ilin tamamında Yeni Zellandiyaya gəlir. Yeni Zellandiyada olarkən ilk kitabı olan “Yazın 1000 günü” kitabını yazır. Hind okeanını kiçik bir gəmi ilə keçərək Afrikanın şərqindəki ölkələri gəzir, oradan Latın Amerikasının daha 2 ölkəsinə baş çəkərək 5 ilin tamamında təyyarə ilə vətəni Xorvatiyaya dönür. Bütün bu 5 illik səyahəti boyu 40-dan çox ölkə gəzir, 50 000 km !!! (bəli əlli min kilometr) avtostopla yol gedir və bütün bu səyahəti boyu ortalama gündəlik 10$ xərcləyir.

tomun-xeritesi
Tomun yol xəritəsi

Tom bu 5 illik gəzintisi boyu yalnızca səyahətlə məşğul olmayıb eyni zamanda da xərclərini çıxarmaq üçün işləyib. Bəzi ölkələrdə bir neçə ay qalıb. İndi isə keçək Tomun səyahətsevərlərə verəcəyi məsləhətlərə. Necə olub ki, Tom gündə 10$ büdcə ilə bu qədər ölkə gəzib?!

Əslində Tomun videolarını izləyəndə, hekayələrini oxuyanda nə qədər cəsarətli biri olduğunu görməmək mümkün deyildi. Elə çıxışına da insanları səyahət etməyə həvəsləndirməkdən başladı. Tom deyir ki, hamımız səyahətə başlamamışdan öncə içimizdəki qorxunu öldürməliyik. Səyahətin dadını bilməmişdən bizi qorxudan ilk şeylər pulun azlığı, yoldakı təhlükəsizlik və tək yoxsa kiminləsə səyahətə çıxmaq sualıdır.

05-hitchhiking-in-australia
Tomislav Perko Avstraliyada hitchhiking edərkən

İlk öncə sonuncu qorxudan başlayaq. Tom deyir ki, səyahətə çıxanların əksəriyyətinin ilk dediyi bəhanə bu olur ki, mən səyahətə çıxmaq istəyirəm amma (doğru) yol yoldaşı tapa bilmirəm. Tomun fikrincə tək və ya kiminləsə səyahətə çıxmağın öz üstün və mənfi cəhətləri var. Amma tək səyahətə çıxmaq üçün kimisə gözləməyə ehtiyac yoxdur, digər tərəfdən də insanları yola çıxaraq tanıyırsınız deyə, sizin üçün ideal görsənən insan yola çıxdıqdan sonra tamamilə bir “baş bəlasına” çevrilə bilər. Bundan başqa yol yoldaşınızın səyahət anlayışı sizinkindən fərqli olduğundan mümkündür ki, yolda harasa getmək və ya nəsə etmək barəsində fikir ayrılığına gələsiniz. Ona görə də, Tom məsləhət görür ki, xüsusilə ilk başlarda yaxşı olar ki, tək səyahət edəsiniz. Xüsusilə də getdiyiniz yerlə daha dərindən tanış olub, zövq almaq istəyirsinizsə. Tək səyahətə çıxmaq sizə azadlıq verir, çünki heç kimi gözləmək məcburiyyətində deyilsiniz. Tək olduğunuzdan getdiyiniz yerlərdəki adamlarla tanış ola onlarla söhbət edə bilərsiniz. Həm də bu tanış olacağınız adamları sayı onlarla, yüzlərlə ola bilər. Elə mən özüm də Tom kimi demək olar səyahətlərimin 80%ni tək etmişəm, səyahətlərim boyu xeyli insanla tanış olmuşam. Məsələn demək olar ki, bütün Praqanı hosteldə tanış olduğum Nora adlı alman əsilli avstraliyalı ilə gəzmişdim. Tom çıxışı zamanı əlavə etdi ki, səyahət zamanı başınıza pis bir hal gələrsə kiminsə yanınızda olmağı sizə kömək edə bilər ona görə də tək ya kiminləsə səyahətə çıxmaq seçim məsələsidir.

tomislav-perko
Tomislav Perko Corvinus universitetindəki çıxışından

İkinci yerdə gələn məsələ təhlükəsizlik məsələsidir ki, Tomun anlatdığından da belə başa düşmək olurdu ki, səyahəti zamanı başına çox maraqlı, əyləncəli bəzən də təhlükəli və qorxulu hadisələr gəlib amma bunların heç birisini öncədən bilmək mümkün deyil və bu hadisələr elə yaşadığın şəhərdə də başına gələ bilər, ona görə də bu səbəbə görə özünü qorxudub səyahətdən imtina etmək bir az məntiqli görsənmir. Digər tərəfdən getdiyin ölkələri öncədən seçdiyindən ilk başlarda bir az özgüvən hissi yaransın deyə daha təhlükəsiz ölkələrə səyahət emək olar.

11-sleeping-mozambique
Tomun Mozambikdəki yatağı

Son olaraq çoxlarımızın səyahət haqqında düşünərkən ağlımıza gələn və hamımızın yaralı yeri pulun yoxluğu. Tom məsləhət görür ki, səyahətə çıxmaq istəyən adamlar gərək bir az qənaət etsinlər, yığımcıl olsunlar. Məsələn həftədə 3 dəfə çöldə dostlarınızla görüşüb yemək yeyirsinizsə bunu 1 ya 2 dəfəyədək azaldın. Geyimlə bağlı alış-verişlərinizi etmədən 2 dəfə, yox-yox 5 dəfə düşünün 😀 məşhur bir misalda da deyildiyi kimi, “sizin ayaqqabılarınızın nə qədər köhnə olmasının nə önəmi var, əgər siz onlarla Parisdə gəzirsinizsə”. Yəni əziyət çəkmədən normal otel, hosteldə qalmaq, avtobusla, təyyarə ilə səyahət etmək istəyənlər gündəlik xərclərinə bir az qənaət etməlidirlər hətta evdə sırf səyahət üçün daxıl (kassa) da ayıra bilərlər

daxil
Səyahət daxılı

Tom deyir ki, pulu olan adamın səyahətə çıxmasından məntiqli nə ola bilər?! Qəhrəmanlıq az pulla səyahətə çıxmaqdır və bundan ötrü də öz praktikasından keçirdiyi alternativ üsulları bizimlə bölüşdü.

  • İlk öncə nəqliyyat xərcləri: qərbi avropa və Amerikada nəqliyyat qiymətləri kifayət qədər baha olduğundan şəhər içi nəqliyyatda xərc çox çıxır. Bu xərclərə qənaət etmək üçün ən ideal varyant şəhəri piyada gəzməkdir, bu xüsusilə kiçik və orta ölçülü şəhərlər üçün keçərlidir. Böyük şəhərlər üçün isə velosiped kiralamaq ən məntiqli çıxış yollarından biri kimi görsənir, xüsusilə velosiped yolları inkişaf etmiş ölkələrdə.Şəhər və ölkələr arası nəqliyyat üçün Tom hitchhiking və ya avtostopu məsləhət görür. Qitələr arası və ya ada dövlətləri üçün bu qayıq hitchhikingi də olar bilər. Digər məsləhət bildiyi üsul isə car relocationdır hansı ki, bir avtomobili bir yerdən başqa yerə sürüb aparmaq lazımdır və bu xidməti göstərərək pulsuz səyahət edə və ya kiçik həcmdə pul qazana bilərsiniz.
03-sleeping-in-park-sydney
Tomislavin Sidney parkındakı yatağı
  • Gecələmək üçün Tomun sınağından çıxmış üsullar couchsurfing, homeexchange və kampinqdir. Couchsurfing haqqında daha əvvəl yazdığımdan burada qısa olaraq homeexchange haqqında Tomun fikirlərini bölüşəcəm. Bu saytda insanlar evlərini dəyişə bilərlər. Tutaq ki, sizin Bakıda eviniz var və Budapeştə köçmək istəyirsiniz və mənim də Budapeştdə evim var və Bakıya köçmək istəyirəm, o zaman bu sayt üzərindən 1-1mizi taparaq evlərimizi dəyişə bilərik beləcə kira xərclərindən də azad olacağıq. Sonuncu üsul isə kamplarda, parklarda və açıq ərazilərdə çadır qurmaqdır. Beləcə səyahət zamanı pulsuz olaraq gecələmə yerlərimizi də tapa bilərik.
tomislav-perko-turkiyede
Tomislav Perko Türkiyədə Couchsurfing edərkən
  • Qidalanma üçün Tomun verdiyi tövsiyyələr bir az qəribə gələcəkdir amma belə gəzən bir xeyli adam tanıyıram, ona görə də pulsuz səyahət etmək istəyən bir az əziyyət çəkməlidir. Ən çox istifadə olun yollardan biri marketdən, bazardan ərzaq alıb, qaldığın evdə bişirməkdir. Digər bir üsul isə mağaza və mrketlərin iş gününün sonunda elə qablaşdırmadaca atdığı ərzaqları tapıb onlarla dolanmaqdır. Səyyahlar daha çox fast food və çörək və xəmir məmulatları satan mağazalardan günün sonunda xahiş edirlər. Adətən bu cür restoranlar da gün sonunda qalan ərzaqları atırlar.
01-volunteering-in-india
Tomislav Hindistanda könüll çalışarkən
  • Son olaraq Tom səyahət zamanı xərcləri qarşılamaq və pul qazanmaq haqqında öz təcrübəsindən öyrəndiklərini paylaşdı. Bu siyahıda ilk əvvəl könüllü kimi çalışmaq durur. Düzdür bu xidmətlərdən siz pul qazana bilmirsiniz amma əvəzində sizin qalmaq, yemək xərcləriniz qarşılanır bəzən kiçik cib xərcliyi də verirlər. İnkişaf etmiş ölkələrdə isə ödənişli qısa müddətli işlər tapa bilərsiniz. Hansı ki, məsələn Tom Avstraliyada bir neçə həftə işləyərək, sonrakı səyahətlərinin pulunu toplamışdı. Tomun məsləhət gördüyü sonuncu üsul isə elə özünün də hal-hazırda istifadə etdiyi kitab yazıb satmaq və səyahətləri haqqında ödənişli çıxışlar etməkdir.
0012
“Yazın 1000 günü” kitabı – “1000 days of spring” book

Tomun danışdıqlarından bu qədər. Əslində çox danımışdı Tom, təxminən 2 saata yaxın amma mən bir az əyləncəli hissələrini yazıya almadım əvəzində isə sizin üçün çox maraqlı və vacib olduğuna inandığım tövsiyyələri paylaşdım. Ümid edirəm ki, öz gələcək səyahətləriniz üçün yazıdan nəsə öyrəndiniz. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Sayyeah blogun yazılarından ilk xəbər tutmaq istəyirsinizsə sağ tərəf yuxarıda olan “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

P.S. blogumuza mail ilə abunə olan bütün Sayyeahlara Tomun “Yazın 1000 günü” (1000 days of Spring) kitabının elektron versiyası bizdən hədiyyə 🙂

Məqaləni bəyəndinizsə bu yazılara da bir göz atın:

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma