Krakov səyahəti – Oskar Şindlerin fabriki

Keçən dəfə Varşava yazımda da yazdığım kimi, Varşavaya getdiyimi eşidən hamı niyə Krakova deyil də Varşavaya getdiyimi soruşduğundan artıq qərara gəlmişdim ki, Varşavadakı tədbir bitən kimi Krakova yola düşəcəm. Beləcə tədbir bitəndən sonra italyan istehsalı olan (burada italyanların o məşhur əl hərəkətini də etmək olar 😀 ) Pendolino sürət qatarına minib, hardasa 2 saat 20 dəqiqədən sonra oldum Krakovda. Dəmir Yolu vağzalı Galeria Krakowska alış-veriş mərkəzinin  altında yerləşir, ya da alış-veriş mərkəzi vağzalın üstündə yerləşir. Bəri başdan deyim ki, Avropada alış-veriş nəzərdə tutursunuzsa, Polşa ən yaxşı seçimlərdən biridir. Ölkə ucuzluq olduğundan və hələlik avroya keçmədiyindən qiymətlər digər ölkələr ilə müqayisədə daha ucuzdur.

krakow1
Krakov

Qısa tarixi infodan sonra keçəcəm turistlər üçün məlumatları paylaşmağa. İlk ondan başlayım ki, Krakov Polşanın və ya əski dillə desək Lehistanın paytaxtı olub, sonradan paytaxt Varşavaya köçürülsə də, Varşavanın 2-ci dünya müharibəsində ağır yaralar almasıyla Krakov elmi, mədəni “paytaxt” statusunu qoruyub saxalayıb. Varşavadan fərqli olaraq 2-ci dünya müharibəsində şəhər demək olar ki, heç bir ciddi zərər görməyib amma müharibənin bütün dəhşətlərini nətər deyərlər “çiynində daşıyıb”. Məhz bu dəhşətlərin qalıqlarını görmək üçün hər il Krakova 7 milyona yaxın turist gəlir. Krakova Budapeşt və Praqaya bənzədiyinə görə bəzən Polşanın Budapeşti, daha çox isə Praqası deyirlər.

İndi isə keçək əsas məsələlərdən birincisi olan Bakıdan Krakova necə getmək olar? sualına. Ən ucuz varyant WizzAirlə Budapeştə gəlib, buradan qatar və ya avtobusla Krakova getməkdir. Krakovdan gələrkən demək olar ki, yolun yarısı Slovakiya ərazisindən keçir və ilin istənilən fəslində buradan sadəcə avtobusla keçərkən belə böyük zovq alacağınıza əminəm.

zapiekanki-z-pieczarkami
Məşhur Zapekianki – nyam nyam

Varşava haqqında yazıda Polşada nə yeyilib içilməlidir mövzusuna toxunmuşam, oradan baxa bilərsiniz amma bir yemək var ki, onu qeyd etməsəm olmaz. Bu yeməyin adı zapiekankadır. Baqetin üzərinə müxtəlif soslar, pendirlər, kolbasalar, vetçinalar, sosilər, tərəvəzlər düzülməklə hazırlanır. İstəyinizə görə pendirli, sosisli, tərəvəzli və ya qarışıq növünü seçə bilərsiniz. Görünüş olaraq bir növ pizzaya oxşayır amma dad olaraq müqayisə olunacaq kimi deyil. Pizzayla heç müqayisə olunası deyil. Deməli bu zapiekankanı yemək üçün Krakovun qədim yəhudi məhəlləsi var Kazimierz adında mütləq oradakı köhnə bazara getmək lazımdır. Ən dadlıları orada olur, istəyə görə yanına meyvə şirəsi, qazlı su və ya pivə də ala bilərsiniz.

Harda gecələməli sualına gəldikdə isə, mən adətən bizim bloqun oxucularına hostellərdə qalmağı və ya couchsurfingdən istifadə etməyi məsləhət görürəm. Elə özüm də hosteldə qalmışdım. Qaldığım hostel mərkəzə 10-15 dəqiqə yerimə məsafəsində olan, Premium Hostel idi. 4 nəfərlik otaqda 1 yataq kirayələmişdim və 2 gecə üçün 12 avro vermişdim. Təmizliyi, yerləşməsi, şəraiti də ki, öz yerində. Yolunuz Krakova düşsə bu hosteldə qala bilərsiniz.

20150729_154054
Sukiennice bazarı

Hostelə gəlib yerləşəndən sonra, kiçik bir xəritə alıb düşdüm yola şəhər meydanına doğru. Krakovun şəhər meydanının əsası 13-cü əsrdə qoyulub daha dəqiq 1257-ci ildə. Meydan Rynek Glowny adlanır və Avropada Venesiya şəhər meydanından sonra ən böyük meydan hesab olunur. Meydanın uzunluğu və eni 200 metrdir və 4 tərəfi də qədimi və rəngarəng binalarla əhatə olunub. Meydanın mərkəzində Sukiennice adlı bazar yerləşir. Bazar dünyanın ən qədim alış-veriş mərkəzlərindən biridir. İstanbuldakı Kapalı Çarşının daha kiçik formasıdır sanki. Bazardan turistik əşyalar, suvenirlər və ən əsası Polşada çox məşhur olan kəhraba daşı almaq olar. Bazar turistik məkan olduğundan qiymətlər kifayət qədər bahadır, nəsə almaq istəsəniz mütləq bazarlıq edin, aşağı yeri nədir soruşun. Aşağı yeri yoxdu desə, öz varyantımızda heç yoxdu? deyə soruşun 😀

Meydandakı digər görməli yer isə St Mary və ya Müqəddəs Məryəm bazilikasıdır. Bazilikanın vitrajları çox möhtəşəmdir və vitrajların hazırlanması 12 il çəkib. Kərpicdən tikilən bu bazilikanın hündürlüyü 81 metrdir və oradan şəhərə gözəl bir panoramik mənzərə açılır. Bazilikanın qüllələrindən birində hər saat başı çox qısa müddətlik şeypur çalınır. 13-cü əsrdə qüllədən darvazaların açılıb və bağlanmasını bildirmək üçün şeypur çalınırmış, 1241-ci ildə isə tatar bir oxçu şeypurçunu oxla vurub öldürür və indilərdə bu qısa müddət çalınıb kəsilən bu şeypur səsi də şeypurçunun oxçu tərəfindən vurulmasını simvolizə edir.

Qədim hissədə görməli digər yer Florianski küçəsidir, küçənin sonunda bu günə qədər sağ-salamat gəlib çıxmış Florianski şəhər qapısı var. Qapını keçdikdən sonra isə şəhər divarlarından bir hissə olan Barbakan divarı qarşınıza çıxacaqdır.

20150729_170927
Kazimierz – Şindlerin siyahısı filmindən olan parçalardan biri burada çəkilib
20150729_170939
“Şindlerin siyahısı” filminin bəzi hissələri burada çəkilib. Divarda filmdən səhnələr var

Qədim hissəni gəzdikdən sonra yola düşdüm qədim yəhudi məhəlləsi olan Kazimierzə doğru. Kazimierz 2ci dünya müharibəsinə qədər yəhudilərin çox yaşadığı bir məhəllə olub. Sonradan isə burada yaşayan yəhudilər hamısı toplama kamplarına göndərilib. Kazimierzin özünəməxsus xüsusi abu-havası var. Gəzərkən özünü 20-ci əsrin ortalarında hiss edirsən. Bu hissədə demək olar ki, heç nə dəyişməyib hətta bəzi mağazaların reklam lövhələri belə 30-40 illik kimi görünür. Məşhur “Şindlerin siyahısı” filminin də bəzi hissələri burada çəkilib. Elə ara məhəllələrdə gəzərkən də filmdən bəzi səhnələrin fotolarını asıblar və fotolardan aydın görmək olur ki, filmin bu hissəsi burada çəkilib. Məhəllələri gəzəndən sonra Kazimierzin qədim bazarında bir Zapikanka yeyə bilərsiniz. Mən da Zapikankamı yeyib Kazimierzi tərk edirdim ki, burada 20-ci əsrin ortalarına aid olduğunu güman etdiyim film çəkilişi ilə qarşılaşdım. Aşağıdakı videodan da ətrafın dekorasiyasının və aktyorların geyimlərinin qədimliyini görə bilərsiniz.

Krakovda olduğum 2ci gün isə səhər-tezdən payi-piyadə yola düşdüm məşhur “Şindlerin siyahısı” filmində hadisələrin baş verdiyi Şindlerin fabrikinə. Fabrik şəhər mərkəzindən bir az qıraqda yerləşsə də, gözəl hava varsa piyada gedə bilərsiniz. Oskar Şindler haqqında məlumat vermək istəmirəm, məncə Stiven Spilberqin bu möhtəşəm filminə baxsanız daha maraqlı olar. Fabrik indi muzey kimi fəaliyyət göstərir və içəridə bir çox sənət əsərini, Oskar Şindlerin ofisini, yəhudi işçilərin qaldığı otaqların maketlərini, fabrikdə hazırlanan və böyük bir şüşə qutunun içində saxlanılan qazanları görə bilərsiniz. Bu eksponatlara baxdıqdan sonra otaqlardan birində o zamankı hadisələrdən sağ-salamat qurtulmuş yəhudilərin başlarına gələnlərdən danışdığı filmi izləməyə getdim. Muzeyə giriş qiymətini xatırlamıram amma internetdən çox güman tapa bilərsiniz. Bundan başqa bəzən muzeyə giriş üçün bir az gözləmək tələb olunur, çünki insanları içəri sayla buraxırlar. Say müəyyən bir həddə çatdıqda, digər ziyarətçilərin çıxmasını gözləmək lazımdır. Muzeyi gəzib o dövrün insanlıq başına gətirilən fəlakətlərinin təsiri ilə fikirləşdim ki, gərək Krakovda 2 gün daha artıq qalıb Auşvitz toplama kampına da gedəydim.

Bəli Krakovda digər mütləq görülməli yer Auşvitz toplama kampıdır. Ora getmədiyimdən məlumat verə bilməyəcəm amma Krakova yolunuz düşsə məncə mütləq gedib bir baş çəkin. Beləcə Auşvitzə gedə bilməməyin təəssüfü ilə xəritədəki növbəti nöqtəyə doğru irəlilədim. Və gəlib çatdım Vavel qəsrinə.

Qəsr təpənin üzərində yerləşir və1330-70-ci illərdə tikilib. Həmən dövrlərdə Krakov Polşanın paytaxtı imiş. 1600-cü illərdə paytaxt indiki Varşavaya köçürülsə də demək olar ki, bütün kralların tac qoyma mərasimi məhz bu qəsrdə baş tutub. Bundan başqa bütün krallar da qəsrin ərazisindəki katedralda dəfn olunub. Qəsrin ərazisinə giriş ödənişsizdir sadəcə saray ərazisi, muzeylər və sərgi salonlarına giriş  üçün pul ödəməlisiz. Qalanın və ya qəsrin içərisində bir mağara var və mağaranın önündə isə Wawel əjdahası durur. Əjdaha bir neçə dəqiqə aralıqlarla ağzından qısa müddətli alov püskürür. Hər yarım saatdan bir isə daha uzun müddətli olur bu alov. Qəsrin ərazisini doya-doya gəzmək, Vistula çayının mənzərəsinin dadını çıxarmaq üçün bir neçə saat lazımdır, ona görə də getmədən öncə zaman məsələsini nəzərə alın.

20150729_162226
Vavel (Wawel) qəsri

Krakov, mərkəzindən çay keçən və bu çaydan çox pis istifadə edən şəhərlərdən biridir. Belə ki, çayın kənarı ilə gəzərkən demək olar ki, heç bir tarixi bina, memarlıq abidəsi yoxdur amma hava günəşlidirsə çayın kənarında, otların üzərində oturub mənzərəni seyr etmək olar.

Son olaraq Auşvitzdən sonra Krakovda getmədiyimə çox böyük təəssüf hissi keçirdiyim Veliçka (Wieliczka) duz mədəni haqqında da təəssüf ki, məlumat verə bilməyəcəm amma şəkillərdən gördüyüm qədərilə Krakova 2 gün ayırıb gəzə bilməməklə çox böyük səhv etmişəm. Çox güman sırf Auşvitz və Veliçka üçün yenidən gedəcəm Krakova. Nə zaman? Bax, onu bilmirəm amma məncə çox gözləmək lazım gəlməyəcək sevimli Krakovu görməkdən ötrü 🙂

Krakov haqqında bu qədər. İnanıram ki, yazının 2-ci hissəsi də olacaq nə vaxtsa 😉 Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Sayyeah blogun yazılarından ilk xəbər tutmaq istəyirsinizsə sağ tərəf yuxarıda olan “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Məqaləni bəyəndinizsə bu yazılara da bir göz atın:

Bir şərh Add yours

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma