Nağıllar aləmi Kopenhagen

Növbəti səfələrdən birini dünyanın ən xoşbəxt insanlarının yaşadığı Danimarkaya, lap dəqiq desək paytaxt Kopenhagenə planlamışdım. Uçuş günü WizzAirlə Budapeştdən İsveçin Malmö şəhərinə, növbəti gün isə oradan, qatarla dənizin üstündəki körpü ilə Kopenhagenə keçəcəkdim. Həm ölkənin kifayət qədər baha olması, həm də şəxsi bir maraq məni bu səfəri minimum xərclə başa vurmağa motivasiya edirdi. Ona görə də qalacaq yerimi öncədən Couchsurfingdən ayarlamışdım, yemə-içmə məsələmi isə çantamda götürdüyüm və marketdən alacağım qidalarla həll etməyi düşünürdüm.

Yazını yanvar ayında yazsam da Kopenhagenə noyabr ayında getmişdim. Cem Yılmazın standupında dediyi “sevgili Danimarka bu aralar bana karşı çok soğuksun” deyimini nəzərə alıb, (guya) bir az qalın paltar filan da götürmüşdüm. Fikirləşirdim ki, payızın sonudur, hələ qış gəlməyib, elə də soyuq olmaz. Səhər Malmödən Kopenhagenə yola düşdüm və axşam qalacağım evə gedərkən qar yağmağa başladı. Qar nə qar, düz səhərə kimi yağdı, səhər hardasa 20 sm filan qar var idi yerdə və heç gözləmədiyim halda bütün nəqliyyatın işi az qala iflic oldu. Avtobuslar, elektriçkalar gecikməyə başladı. Nəysə indi isə keçim Kopenhageni vəsf etməyə.

qarli-kopenhagen
qarlı kopenhagen

İlk öncə deyim ki, Kopenhagen və kopenhagenlilər haqqında ancaq xoş təəssüratlarım oldu. Kopenhagen ən çox pulsuz muzeylərin olduğu şəhər kimi yadımda qaldı. Bundan başqa muzeylərdəki pulsuz wi-di da üzərinə gəldikdə, Kopenhagenə əsl turist cənnəti demək olar 🙂 şəhər kifayət qədər “ekoloji yaşıl”dır. Demək olar ki, əhalinin yarıdan çoxu velosiped sürür və xüsusi velosiped parklarında yüzlərlə park olunmuş velosipedlər görmək olar. Hətta deyilənə görə Kopenhagendə insanı velosiped vurma şansı maşın vurma şansından daha çoxdur, artıq necə bir şansdırsa 🙂

velosiped-parki
Velosiped parkı

Gözlədiyimin əksinə insanları da çox ünsiyyətcil və mehribandırlar. İstər evində qaldığım, ulu-ulu babası alman olan Amanda, istərsə də yol soruşduğum insanlar, hamısı canla-başla əllərindən gəldiyi qədər yardım etməyə çalışırdılar. Hətta bir dəfəsində turist informasiya mərkəzindən götürdüyüm 1.2m X 1.2m ölçülü böyük xəritəni açıb içində itib batarkən, 2 danimarkalı xanım yaxınlaşıb yardıma ehtiyacım olub-olmadığını soruşdular. Axtardığım yeri xəritədə göstərdikdən sonra yolun yarısına kimi də gəlib, ötürüdülər. Ümumiyyətlə Skandinav ölkələrinin əhalisi ingilis dili biliyinə görə Avropada ən yüksək yerləri tuturlar, yaşlı, qoca demək olar hər kəs ingilis dilini bilir. Əgər ingilis dilini bilirsinizsə dil ilə bağlı problem yaşayacağınız düşünmürəm. Əgər ingilis dilini bilmirsinizsə, bu da problem deyil əl-qol hərəkətləri ilə anlaşacaqsınız, bu səyahətə çıxmamağa bəhanə olmamalıdır 😉

Bakıdan Kopenhagenə getmək üçün WizzAirlə Budapeştə gəlib buradan yenə WizzAirlə Malmöyə keçə bilərsiniz oradan isə qatar, dənizin üstü ilə sizi 35-40 dəqiqəyə şəhərin mərkəzinə aparacaq. Digər bir seçim kimi isə Kiyevə gəlib, Kiyevdən yenə WizzAirlə Kopenhagenə getməkdir. Malmödən gələn qatarlar, Kopenhagen hava limanından keçərək şəhər mərkəzinə gedir. 15-20 dəqiqəyə şəhər mərkəzinə gedə bilərsiniz.

nyhavn
Nyhavn

Kopenhagendə nə yeməli? sualının cavabı məncə Carlsberg pivəsidir. Bir çox şimal xalqları kimi, danimarkalıların da mətbəxi elə də zəngin deyil amma bu qədər yolu getmişkən Carlsberg pivəsi içmədən dönmək olmaz.

Hostel qiymətləri çox baha olduğundan və yazının girişində də qeyd etdiyim kimi şəxsi maraqdan Kopenhagendə Couchsurfing etməyi qərara almışdım. Ona görə də hotel/hostel məsləhət görə bilməyəcəm. Couchsurfing  təcrübəm isə indiyənə kimi olanların ən yaxşılarından idi. Amanda evində qonaq etmişdi məni (sonradan Budapeştə gələndə də mən onu qonaq etdim). Evində qaldığım 3 gün boyunca doya-doya maraqlı söhbətlər etdik, musiqi dinlədik, Amandanı Vaqif Mustafazadə ilə tanış etdim. Ərəb dilinə, şərq mədəniyyətinə hədsiz bir marağı var idi, onlar haqqında danışdıq. Sonra isə o məni “hygge” həyat tərzi ilə tanış elədi. “Hygge” həyat tərzi skandinav ölkələrində çox məşhurdur. Belə ki, qış aylarında havalar çox soyuq olduğundan skandinavlar evə toplaşıb, sobanın yanında, sakit mühitdə çay, qəhvə içə-içə söhbət edirlər və ya musiqi dinləyirlər. Orda olduğum müddətdə havalar qarlı keçdiyindən, mən də azacıq bu həyat tərzi ilə tanış ola bildim. İnsanın ruhuna tam bir sakitlik gətirir bu tərz.

Elə oradakı qarlı günlərdən birində Amanda otaqdakı bir divarı göstərib dedi ki, mən istəyirəm bura evimdə qalan hər bir couchsurfer bir kəlimə yazsın, istəsən ilki də sən ola bilərsən. Mən də fürsəti boş vermək istəmədim. Qarın noyabr ayı üçün qeyri adi bir hava olduğunu Amandadan öyrənib divara “it was a snowy November day…” ifadəsini yazdım (yaradıcılığın və romantikanın bu qədəri). Divarın son halını aşağıdakı şəkildə görə bilərsiniz 🙂

amandanin-evi
Amandanın evinin son halı

İndi isə ənənəvi olaraq Kopenhagendə olan gəzməli yerlərin siyahısı ilə tanış etmək istəyirəm sizi:

  • Ilk olaraq əlbəttə ki, Kopenhagen deyəndə ağıla ilk gələn Nyhaven küçəsi. Küçə kanalın kənarında, rəngarəng düzülmüş binalardan ibarətdir. Əvvəllər bura liman bölgəsi olub və Kopenhagenin əyləncə həyatının ən qaynar hissəsi burada olub. Indi isə sakit cafe, publar küçə boyu sıralanıb. Məşhur danimarkalı nağıl yazarı Hans Kristian Andersen də məhz bu küçədəki 3 evdə yaşayıb-yaradıb. Nyhavna getmişkən Andersenin evinə də baş çəkmək olar. Ev Nyhavn 20 ünvanında yerləşir.
  • İkinci görülməli yer isə Kopenhagenin simvolu olan “kiçik dəniz qızı” heykəlidir. Heykəl Andersenin “Dəniz qızı” əsərindən ilhamlanaraq yaradılıb. Əgər bəxtiniz gətirsə o heykəlin əslini görə bilərsiniz. Çünki bəzən heykəl dünya turuna çıxır, xarici ölkələrdəki sərgilərdə nümayiş etdirilir, yerinə isə heykəlin prototipi qoyulur.
kicik-deniz-qizi-heykeli
Kiçik dəniz qızı heykəli
  • Tivoli bağları – Dünyadaki ən qədim 2ci əyləncə parkıdır. Parkın içərisində kafe, restoran, konsert məkanı və müxtəlif cür atraksionlar var. Uşaqla gəzənlər üçün çox ideal bir məkandır. Rəvayətə görə Uolt Disney Disneylendi yaradarkən məhz Tivoli bağlarından ilhamlanıb.
  • Stroeget – Kopenhagenin targovusu. Nəqliyyata qapadılmış alış-veriş küçəsi.
  • Kopenhagen şəhər bələdiyyə binası. Binanın çöl tərəfi nə qədər gözəgəlimlidirsə, içərisi ondan qat-qat daha möhtəşəmdir.
  • Christiansborg sarayı – kiçik bir adanın içində yerləşən kral sarayı. Sarayın içinə girmədən, kənardan baxanda belə skandinav ruhu özünü bəlli edir, mərkəzə də çox yaxındır, mütləq baş çəkilməlidir.
  • Statenmuseum Kunst – Danimarka Milli muzeyi, bir çox muzeylər kimi, bura da giriş ödənişsizdir. Artdan çox anlamasam da içindəki bəzi işlər adamı heyran qoyur.
  • Rosenborg qəsri – qəsr ərazisinə və bağçasına giriş pulsuzdur. Bir də qəsrin içində muzey var ki, sırf sadəcə içindəki taclar və qılınclar üçün belə baxmağa dəyər, giriş haqqı elə də çox deyil.
  • Bizim qurtarıcımız kilsəsi – Danimarkanın ən məşhur kilsəsidir. 1752-ci ildə tikilib, hündürlüyü 90 metrdir və ən hündür nöqtəsinə dırmanmaq üçün 400 pilləkən qalxmalısınız. Son 150 pilləkən açıq havadadır. O pilləkənlərin ən sonuncusuna çıxıb Kopenhageni ayaqlarınızın altında görə bilərsiniz.
kilseden-goruntu
Kilsədən şəhərə görüntü
  • Fredericks kirxası (Mərmər kilsə) – İnteryeri indiyənə kimi gördüyüm ən gözəl kilsələrdəndir. İçərisində mötəşəm abu-hava var.
  • Son nöqtəni əlbəttə ki, Carlsbergin zavoduna baş çəkməklə qoya bilərsiniz. Zavod mərkəzdən bir az kənarda yerləşir amma gedib zavodu, muzeyi görməyə və mənbəyindən bir daniş pivəsi içməyə dəyər 🙂

Kopenhagenin bir bölgəsi var ki, özünü Kopenhagendən ayırıb və “muxtariyyət”ini elan edib. Ona görə da istədim bu haqda siyahıdan sonra, ayrıca paraqrafda yazım. Bura hippilər tərəfindən işğal olunmuş Freetown Christiania “kəndidir”. Kristianiya Kopenhagenin içində öz emblemi, bayrağı, pul vahidi və qaydaları olan bir ərazidir. Ərazi 1970-ci illərə qədər hərbi baza olub. Hərbi hissə ərazini tərk etdikdən sonra ərazini tikanlı məftilləri kəsən aktivist gənclər işğal edib və burada əməllicə yerləşiblər. Qəsəbənin 1000 nəfərə yaxın əhalisi olduğuna baxmayaraq, hökümət buranı sökmək istəyərkən minlərlər danimarkalı küçədəki etirazlara qoşulub, hökümətin bu qərarına etiraz ediblər. Kristianalılar özlərini Avopalı saymırlar. Ona görə də qəsəbədən çıxarkən qapının üzərində “siz Avropa Birliyinə daxil olursunuz” yazısı yazılıb. Danimarkada marixuana satışı qanuni olmasa da, Kristiana ərazisində az qala günün 24 saatı marixuana satışı həyata keçirilir. Hətta deyilənə görə ərazidə yetişdirilən marixuana satışından qəsəbə ildə 185 milyon dollar gəlir götürür. Kəndin 3 əsas qaydası var. Əylənin, qaçmaq qadağandır və foto çəkmək qadağandır. Son illərdə olan bir neçə xoşagəlməz hadisəyə görə kənd sakinləri artıq daha bir neçə qayda da əlavə ediblər.

Bu slaydşou üçün JavaScript lazımdır.

Andersenin vətəni Kopenhagen haqqında bu qədər. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Sayyeah blogun yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Məqaləni bəyəndinizsə bu yazılara da bir göz atın:

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma